11.11.2017

Zərdab məktəbliləri tur-aksiyaya qoşulublar 

        Zərdab rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” adı altında keçirilən növbəti maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 11-də səhər Qəbələyə yola salınıblar.

        Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən, məktəblilər, valideynlər, ümumən ictimaiyyət tərəfindən böyük minnətdarlıqla qarşılanan bu layihə artıq 8-ci dəfədir reallaşır.Tur-aksiya iştirakçıları yola düşməzdən əvvəl Heydər Əliyev parkında “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə kampaniyasında iştirak ediblər.

        Yolasalma mərasimində konsert proqramı təşkil olunub, məktəblilərin və bağça uşaqlarının ifalarında kompozisiyalar nümayiş etdirilib, şeirlər söylənilib.

        Qeyd edək ki, tur-aksiyanın noyabrın 11-14-nü əhatə edəcək birinci mərhələsində Qəbələ, Şəki və Zaqatala bölgələrinə səfər edəcək şagirdlər bu rayonların tarixi, maddi-mədəniyyət abidələri, müstəqillik illərində qazanılan nailiyyətləri barədə ətraflı məlumat alacaq, şən və mənalı istirahət edəcəklər. Şagirdləri 4 müəllim və 1 həkim müşayiət edir.

Valideyn Natiq Mehrəliyev  deyib: “Uşaqlarımız bu ekskursiyadan çox şey qazanacaqlar. Həm gözəl istirahət edəcək, həm Azərbaycanımızın bölgələri ilə yaxından tanış olacaq, tariximizin bizə gəlib çatan yadigarları barədə məlumatlandırılacaq, həm də respublikamızın bugünkü sürətli iqtisadi inkişafını gözləri ilə görəcəklər”.

    Sonda məktəblilər ekskursiyaya yollanıblar.