17.02.2018

Zərdabda yeni tikilən modul tipli məktəb istifadəyə verilib

Zərdab rayonunun İkinci Alıcanlı kəndində 80 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib. Tikintisinə 2017-ci ilin iyun ayında başlanılan birmərtəbəli tədris ocağının binası ən müasir avadanlıq və istilik sistemi ilə təmin olunub. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva İkinci Alıcanlı kəndində yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayıb. Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, son illərdə rayon ərazisində 18 məktəb binası tikilib, 3 məktəb binası, 6 körpələr evi - uşaq bağçası əsaslı təmir edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayon ərazisində 1 ədəd 50 yerlik körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilib, daha birində tikinti işləri davam etdirilir. 1 nömrəli məktəb-liseyin binasında  əsaslı təmir işləri davam etdirilir. Burunlu kəndində inşa edilmiş modul tipli ümumi orta məktəb binasında son tamamlama işləri aparılır. Məktəbin direktoru Maral Şirinova və digər çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonda məktəbin açılışını bildirəm rəmzi lent kəsilib, iştirakçılar məktəbdə yaradılan şəraitlə tanış olublar.