20.01.2019

20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Zərdabda ümumrayon anım mərasimi keçirildi

Zərdab Rayon İcra Hakimiyyətində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Zərdab rayonun idarə,müəssisə və təşkilatlarında keçirilən tədbirlər davam etdirilir.Keçirilən tədbirlərin davamı olaraq 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlərin Xatirə parkında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş divar qəzetlərinə,əl işlərinə və kitab sərgisinə baxış keçirmiş,daha sonra abidə önünə güllər qoymuşlar.
Tədbirdə rəsmi hissə ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev anım mərasimində çıxış edərək bildirmişdir ki,20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri,eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,xalqın milli müstəqillik,azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir.29 il əvvəl doğma yurdunun,xalqının azadlığı,şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gündə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Qeyd edilmişdir ki,Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Zərdab rayonu 120 nəfər şəhid vermiş,114 nəfər əlil olmuşdur.Rayonumuzda da şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlər görülmüş,şəhidlərimizin adı şəhər və kəndlərimizin küçələrinə verilmiş,rayon mərkəzində Şəhidlərin xatirə parkı yaradılmış,təhsil müəssisələrində şəhidlərə xatirə abidəsi ucaldılmışdır.7 məktəbimiz şəhidlərin adını daşıyır.
Natiq xalqımızın səsinə ilk dəfə səs verən,dərdinə şərik olan Ümummilli liderimiz Heydər Əliyevin 20 yanvarı xalqımızın qəhrəmanlıq tarixi adlandırmasını bir daha yada salaraq bütün zərdablılar adından Vətən yolunda canlarından keçən şəhidlərimizə Ulu Yaradandan rəhmət,ailələrinə səbir diləmişdir.
Mərasimdə kompozisiya nümayiş etdirilmişdir.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,avtomobillər və gəmi vasitəsilə səs siqnalları verilmişdir.
Rayonun idarə,müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərin Xatirə parkında ucaldılmış abidənin önünə tər güllər qoymuşlar.