02.02.2019

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuş əslən Zərdab rayonundan olan Umud və Sabir Şirinov qardaşları ilə görüş təşkili olunub

Zərdabda Ukraynada şəxsi şücaət göstərərək insanları ölümdən xilas edən əslən zərdablı Umud və Sabir Şirinov qardaşları ilə görüş keçirilib.Görüşdə ictimaiyyət nümayəndələri,çağırış yaşlı gənclər,ordudan tərxis edilmiş əsgərlər,təhsil və mədəniyyət işçiləri,məktəblilər iştirak ediblər.
Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev vətənpərvər ruhda yetişən Azərbaycan gənclərinin nəinki ölkə daxilində,hətta beynəlxalq arenada milli maraqlarımıza ləyaqətlə xidmət etdiyini,xalqımıza məxsus müqəddəs dəyərləri,insani keyfiyyətləri həyat və fəaliyyətlərində yaşatdıqlarını vurğulamaqla belə hünərli soydaşlarımız arasında zərdablıların da olmasını qürur hissi ilə diqqətə çatdırıb.Şirinov qardaşlarının göstərdikləri şücaətin hər bir insan üçün örnək olduğunu qeyd edib. İctimaiyyət qarşısında ürək sözlərini söyləyən Şirinov qardaşları bildiriblər ki, Vətəndən kənarda yaşasalar da daima ürəkləri doğma torpağa məhəbbət hissi ilə döyünüb.Qərib diyarda əməlləri və davranışları ilə xalqımızın adını uca tutmağa,zəngin milli-mənəvi dəyərlərimizi nümayiş etdirməyə,Azərbaycan gəncinin dövlətçiliyimizə sadiq olduğunu göstərməyə çalışıblar.
Tədbirdə  Şirinov qardaşlarının ölkə Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşündən bəhs edən video görüntü nümayiş etdirilib.Zərdab ictimaiyyəti adından Umud və Sabir Şirinovun ailəsinə xatirə hədiyyələri təqdim olunub.
Şirinov qardaşlarının valideynləri çıxış edərək onların ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.